İran və Səudiyyə Ərəbistanı bir çox məsələlərdə, o cümlədən iki ölkənin səfirliklərinin açılması, qarşılıqlı uçuşların bərpası və qarşılıqlı vizaların asanlaşdırılması ilə bağlı razılığa gəliblər.
Sitat.info xəbər verir ki, İran və Səudiyyə Ərəbistanı səfirlik və konsulluqlarını yenidən açmaq barədə razılığa gəliblər.
İki ölkə arasında viza prosedurları və uçuşlar da bərpa olunacaq.
Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Çinin paytaxtı Pekində görüşüblər.
Bu görüş iki ölkənin xarici işlər nazirləri arasında 7 illik fasilədən sonra ilk görüş olub.
Tehran və Ər-Riyad arasında son 7 ildə xarici işlər nazirləri səviyyəsində keçirilən ilk rəsmi görüşdən sonra yayılan birgə bəyanatda bildirilir ki, iki ölkə əməkdaşlığını bütün sahələrdə genişləndirmək barədə razılığa gəliblər.
İki ölkə arasında imzalanan birgə bəyanatda nəzərdə tutulan iki aylıq müddət ərzində (may ayına qədər) Tehran və Ər-Riyaddakı səfirliklərin, habelə Məşhəd və Ciddədəki konsulluqların yenidən açılması üçün lazımi hazırlıqların görülməsi razılaşdırılıb.
Açıqlamada bildirilib ki, iki ölkə vətəndaşlarına qarşılıqlı viza rejiminin sadələşdirilməsi ilə yanaşı, rəsmi və özəl sektor nümayəndə heyətləri uçuşları və ikitərəfli səfərləri bərpa etmək barədə razılığa gəliblər.
İran və Səudiyyə Ərəbistanının təbii sərvətlərinə və iqtisadi imkanlarına işarə edilən bəyanatda iki ölkənin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı bütün maneələri aradan qaldırmağa hazır olduğu vurğulanıb.
İki ölkə həmçinin regionun təhlükəsizliyini və sabitliyini təmin edə biləcək, region xalqlarının və ölkələrinin maraqlarını reallaşdıra biləcək hər sahədə əməkdaşlığın artırılması barədə razılığa gəliblər.
Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərdə Bin Ferhan və Abdullahiyan iki ölkə və xalqlarının etimadını və rifahını təmin edəcək bütün imkanları müzakirə etdikləri bildirilib.
Nərgiz,
Sitat.info