NATO-nun baş katibi Yens Stoltenberq ABŞ və bəzi Qərb ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya "F-16" döyüş təyyarələri vermə qərarını “yaxşı fikir” kimi qiymətləndirib və Ukraynanın özünü müdafiə etməsinə kömək etməyin NATO-nu münaqişə tərəfinə çevirməyəcəyini bildirib.
Sitat.info xəbər verir ki, Stoltenberq Aİ ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə iştirak edib.
Görüşdən əvvəl jurnalistlərin suallarını cavablandıran Stoltenberq Ukraynaya hərbi dəstəyin artırılması və sürətləndirilməsi ilə bağlı Avropa İttifaqının müdafiə nazirləri ilə fikir mübadiləsi aparacaqlarını bildirib.
Stoltenberq Ukraynaya "F-16" döyüş təyyarələrinin verilməsi qərarını yaxşı fikir hesab edirmi sualına belə cavab verib: "Məncə, bu, yaxşı fikirdir. Almaniya da daxil olmaqla, bəzi NATO ölkələrinin (Ukraynalı) pilotların hazırlanmasına başlaması qərarını alqışlayıram".
Yens Stoltenberq deyib: "Ukraynanın özünü müdafiə etmək hüququ var. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub. Biz Ukraynaya bu hüququ istifadə etməkdə kömək edirik. Hücum qarşısında onlara BMT qaydalarını, beynəlxalq hüququ qorumaqda kömək etmək bizim haqqımızdır. Bu, NATO-nu və NATO müttəfiqlərini münaqişə tərəfi etmir".
Kənan Bənnayev
Sitat.info