"Gürcüstanda vəziyyətin gərginləşməsinə səbəb təkcə seçkilər məsələsi deyil. Seçkilərə münasibətdə Avropa parlamentinin qəbul etdiyi o mənasız qətnamə də gərginliyə səbəb oldu".
Bu sözləri Sitat.info-ya açıqlamasında Real Partiyasının sədri Natiq Cəfərli deyib.
O Avropa Birliyi Parlamentinin Gürcüstandakı seçkiləri tanımaması barədə danışaraq deyib ki, ATƏT-in Seçkilər Monitorinq Mərkəzinin rəsmi hesabatı hələ açıqlanmadan Avropa Birliyi Parlamenti seçkiləri tanımadığını bildirdi, halbuki onların belə bir hüququ olmamalı idi. Bu şəkildə yanaşma göstərməməli idilər. Gürcüstan qrant layihələrindən kənarda qalmaqla, maddi yardımdan məhrum edilməklə şantaj edildi. Gürcülər də kifayət qədər qürurlu və mərd xalqdır. Onlara "bizim dediyimizlə oturub-durmasanız, sizə pul verməyəcəyik demək çox mənasız və anti-demokratik yanaşmadır".
N.Cəfərli "Gürcü Arzusu"nun seçkidə ciddi fərqlə qalib gəldiyini vurğulayaraq, gürcü xalqının ən az yarısının bu partiyanı dəstəklədiyini qeyd edib: "Gürcü Arzusu böyük səs topladı. Müxalifətin heç bir partiyası "Gürcü Arzusu"nun qələbəsini şübhə altına almır. Sadəcə onların iddiası ondan ibarətdir ki, qalib tərəf 53 faiz yox, daha az səs toplayıb. Amma "Gürcü Arzusu" xalqın ən azı yarısının dəstəyini qazanıb. Xalqın yarısının dəstəklədiyi bir partiyaya Avropa Birliyinin hər hansı sanksiya qoyması gülüncdür və doğru deyil".
Partiya sədrinin sözlərinə görə, AB Tramp hakimiyyətə gələnə qədər Gürcüstanda dəyişikliyə nail olmaq istəyir: "Son zamanlar vəziyyətin belə gərginləşməsinin səbəbi Trampın hakimiyyətə gəlməsinə qədər, yəni yanvarın 20-nə qədər Gürcüstanda hansısa bir dəyişikliyə nail olmaq cəhdidir. Və Zurabaşvilinin də bu aksiyalara başçılıq etməsi bunun təzahürüdür. Amma mən düşünmürəm ki, Gürcüstan hakimiyyəti geri addım atacaq. Əksinə Tramp hakimiyyətə gəldikdən sonra müəyyən istiləşmə baş verəcək. Çünki "Gürcü Arzusu" Qərbə inteqrasiyadan imtina etməyib, bunu Konstitusiyasına, həm də qanunlarına salıb. Onları rusiyapərəst adlandırırlar, amma bu mənasız yanaşmadır. Çünki "Gürcü Arzusu"nun bütün sənədlərində Rusiyanı aqressor kimi tanıyırlar. Bəli, münasibətlər saxlamağa çalışırlar. Hər il Gürcüstana1.5 milyona yaxın rusiyalı turist gəlir. Bu da 2.5- 3 milyard dollara yaxın gəlir deməkdir. Rusiya bazarına ildə 800-900 milyon dollarlıq mal satırlar. Bundan niyə imtina etsin ki, Gürcü Arzusu? Ona görə də, bu məsələsə Qərbin yanaşması həddindən artıq alçaldıcı və qərəzli yanaşmadır. Və Gürcüstan hökümətinin Avropa Birliyi ilə danışıqları 2028-ci ilə qədər dayandırması məncə çox doğru qərardır".
Fatima Zeynal,
Sitat.info