Oktyabrın 24-dən etibarən fəaliyyət göstərməyən Bərdə Mal Bazarı yenidən fermerlərin ixtiyarına verilib. Regionun ən böyük heyvan bazarlarından biri olan bu məkan Bərdə ilə yanaşı 14 rayonun təsərrüfat sahiblərinə iribuynuzlu və xırdabuynuzlu heyvanların alqı-satqısı üçün imkan yaradacaq.
Sitat.info xəbər verir ki, bazarın rəhbəri Zülfü Tağıyev deyib ki, ərazi tam yenilənərək müasir tələblərə uyğunlaşdırılıb. Onun sözlərinə görə, bazarda 1800 baş iribuynuzlu, 2600 baş xırdabuynuzlu heyvanın yerləşdirilməsi üçün şərait qurulub, giriş-çıxış nöqtələrində dezinfeksiya baryerləri quraşdırılıb, riskli hesab edilən heyvanlar üçün ayrıca izolyasiya sahəsi ayrılıb.
Qeyd edək ki, bazarın fəaliyyəti ötən ilin oktyabrında AQTA, DİN, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra strukturlarının apardığı yoxlamalar zamanı aşkar edilən çatışmazlıqlara görə müvəqqəti dayandırılmışdı.