İsrail ordusunun hücumları nəticəsində qərargahları dağıdılan və avadanlıqları məhv edilən Qəzza Zolağındakı yerli radio stansiyaları iki il davam edən müharibədən sonra yayımlarını qismən bərpa ediblər.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, "Qüds Səsi Radiosu”nun binası İsrail ordusu tərəfindən dağıdılsa da, stansiya məcburi köçkünlərin yaşadığı binanın dağıntıları altından onlayn yayımını yenidən işə salıb. Radioda aparıcı İmad Nur proqramlarında İsrail hücumlarından sonra Qəzzada formalaşan ağır humanitar vəziyyəti gündəmə gətirir.
İmad Nur bildirib ki, hazırda əsas məqsəd insanların üzləşdiyi çətinlikləri və gündəlik problemləri işıqlandırmaqdır. Onun sözlərinə görə, əvvəlki hücumlarla müqayisədə bu dəfə ictimaiyyətin yerli yayımlara çıxışı xeyli məhdudlaşıb.
Aparıcı qeyd edib ki, Qəzza xalqı dağıdılmış çadırlarda yaşayır, yoxsulluq, işsizlik və xəstəliklərlə mübarizə aparır, təhsil və səhiyyə sistemləri isə demək olar ki, tam çöküb. Bu problemlər radio proqramlarının əsas mövzularını təşkil edir.
Nur vurğulayıb ki, mövcud şərait radio əməkdaşlarının üzərinə daha böyük məsuliyyət qoyur və onlar xalqın səsini dünyaya çatdırmaqda israrlıdırlar.
///AZXEBER.COM