İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İran-ABŞ danışıqları ilə bağlı bildirib ki, "ABŞ danışıqlarda öz maraqlarını İsrailin maraqlarından ayrıca nəzərdən keçirə bilər".
Sitat.info xəbər verir ki, Laricani bu sözləri "Əl-Cəzirə"yə eksklüziv müsahibəsində deyib.
Danışıqlar prosesinin davam etdiyini və region ölkələrinin də uğur qazanması üçün səy göstərdiyini xatırladan Laricani, Tehranın fikirlərini ABŞ-a çatdırmaq üçün Omanın xarici işlər naziri Bədr bin Həmid əl-Busaidiyə göndərdiyi məktuba münasibət bildirərək deyib: "Hələ ki, ABŞ-dan rəsmi cavab almamışıq. ABŞ danışıqlarda öz maraqlarını İsrailin maraqlarından ayrıca nəzərdən keçirə bilər".
Laricani ölkəsinin danışıqlarda əməkdaşlığa açıq olduğunu bildirib: "Trampın tez-tez qeyd etdiyi məqsəd İranın nüvə silahına sahib olmamasıdır. Bu, İranın etiraz etmədiyi ortaq bir məqamdır. Əvvəlki dövrlərdə də danışıqların tərəfdarı idik, indi də həmçinin".
Danışıqlar prosesinin uzadılmamalı olduğunu vurğulayan Laricani xəbərdarlıq edib: "Raket məsələsi danışıqlara daxil edilməyəcək, çünki bu, İranın milli təhlükəsizliyi ilə bağlıdır. Nüvə məsələsindən başqa hər hansı bir məsələ prosesi pozacaq. Biz müharibə axtarmırıq, amma hazırıq. Düşünmürəm ki, qarşı tərəf (ABŞ) əvvəlki təcrübələrini nəzərə alsaq, yeni müharibə axtarır, amma əgər bizə qarşı güc tətbiq etsələr, nəticələrlə üzləşəcəklər. Biz müharibə axtarmırıq, amma hazırıq. Biz ABŞ ilə danışıqlar aparırıq. İsrail müdaxilə edərək danışıqları sabotaj etməyə çalışır. Bu gün ən böyük düşmənimiz İsraildir".
Zənginləşdirilmiş uran məsələsinə gəldikdə isə, Laricani bu sözləri deyib: "Texnoloji cəhətdən inkişaf etmiş bir ölkəyə sıfır zənginləşdirmə deyə bilməzsiniz. Məsələn, səhiyyə tədqiqatları üçün 20% zənginləşdirilmiş uran lazımdır".
O, İsrailin bölgədə müharibə üçün bəhanə yaratmağa çalışdığını iddia edib: "Region ölkələrinin rəsmiləri İsrailin bölgəni qeyri-sabitləşdirməyi planlaşdırdığını bilirlər. İran İsrailə qarşı regional sabitliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır".
İran və İsrail arasında 12 günlük münaqişəyə gəlincə, Laricani deyib ki, İran daxilindəki İsrail casusları təbliğatda təsvir edildiyi qədər güclü deyil: "Əlbəttə ki, bəzi qüsurlar oldu, amma biz casus şəbəkələrinə ciddi zərbə vurduq və təhlükəsizlik tədbirləri artırıldı. İsrailin hücumu ölkəmizdə böyük birliyə səbəb oldu və bu, mühüm bir nailiyyətdir".
Aytac,
Sitat.info