2026-cı il dünya çempionatı zamanı Argentina millisinin kapitanı Lionel Messiyə qarşı iki konkret qətl hədəsi daxil olub. Hər iki hədədə bombalardan, birində isə əlavə olaraq yarımavtomat tüfəngdən istifadə ediləcəyi bildirilib. Bu barədə İspaniyanın “Marca” portalı FTB-dən sızdırılan məlumatlara istinadən yazıb.
Məlumata görə, dünya çempionatı üçün ABŞ-da yaradılan Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzi (IPCC) turnirin bir neçə superulduzuna qarşı təhlükəsizlik təhdidlərinə reaksiya verib. Messiyə qarşı konkret hədələr iki dəfə səsləndirilib və bu, digər futbolçulardan daha çox olub.
İyunun 27-də Dallasda keçirilən Argentina–İordaniya qrup mərhələsi oyunundan (3:1) əvvəl polis hesabatına əsasən, şübhəli şəxs Texasdakı şəhərin hava limanına zəng edib. “Marca”nın yazdığına görə, həmin şəxs iki nəfər əlbirinin də köməyi ilə stadiona hücum etmək niyyətində olduğunu bildirib. Onların üzərində kustar üsulla hazırlanmış bombalar və AR-15 tüfəngi olduğu iddia edilib. Zəng edən şəxs Messini öldürmək istədiyini deyib.
On gün sonra, Argentina–Misir matçından əvvəl isə (Argentina 3:2 hesabı ilə qalib gəlib) şübhəlinin sosial şəbəkədə belə bir paylaşım etdiyi bildirilir: “Atlantadakı stadiona gedəcəyəm və bədənimə bağladığım dörd bomba ilə Messini partladacağam”.
Polis sənədlərindən həmçinin məlum olur ki, həmin qarşılaşma zamanı zəng edən şəxslərdən biri tribunadakı zibil qutularına üç bomba yerləşdirdiyini iddia edib. Hadisə yerinə dərhal cəlb olunan xüsusi təlim keçmiş itlər axtarış aparsa da, heç bir partlayıcı maddə aşkar etməyib.
Nigar,
Sitat.info