ABŞ-da aparılan yeni araşdırma şəkərli içkilərin müntəzəm istehlakı ilə mədə xərçəngi arasında əlaqə olduğunu ortaya qoyub.
Sitat.info xəbər verir ki, Gastro Hep Advances jurnalında dərc olunan araşdırmaya görə, gündə ən azı bir porsiya şəkərli içki qəbul edən insanların mədə xərçənginə tutulma ehtimalı bu içkiləri heç içməyənlərlə müqayisədə təxminən 2,45 dəfə yüksəkdir.
Araşdırma Massachusetts General Hospital tərəfindən aparılıb. Tədqiqatda 112 mindən çox insanın məlumatları araşdırılıb. İştirakçılar 1986-2022-ci illər ərzində izlənilib və bu müddətdə 278 mədə xərçəngi hadisəsi qeydə alınıb.
Məlum olub ki, gündə təxminən 237 millilitr qazlı içki, meyvə şirəsi və ya idman içkisi kimi şəkərli içkilər qəbul edənlərdə risk iki dəfədən çox artır. Bu göstərici kişilərdə təxminən iki dəfə, qadınlarda isə üç dəfəyə yaxın olub.
Araşdırmada süni dadlandırıcılarla hazırlanan içkilərlə mədə xərçəngi arasında isə əlaqə müəyyən edilməyib.
Mütəxəssislər bildirirlər ki, araşdırma müşahidə xarakterlidir və şəkərli içkilərin birbaşa mədə xərçənginə səbəb olduğunu sübut etmir. Bununla belə, nəticələr iki amil arasında ciddi əlaqənin olduğunu göstərir.
Alimlər bu əlaqənin mümkün səbəbləri kimi artıq çəki, insulin müqaviməti, iltihab, DNT zədələnməsi və bağırsaq mikrobiotasında dəyişiklikləri nəzərdən keçirirlər.
Aytac,
Sitat.info