“Sədərək” bazarında mağaza qalmaqalı - Müharibə veteranı ölkə rəhbərliyinə yazdı

11:49 9 Avqust 2022

Qarabağ müharibəsi veteranı, qazi Elsevər Ələkbərzadə və şəhid ailəsinin üzvü Məzahir Ələkbərzadə "Sədərək” Ticarət Mərkəzində haqsızlıqla üzləşib. 

Sitat.info xəbər verir ki, onlar bu barədə ölkə rəhbərliyinə müraciət edib. Elsevər Əkbərzadə və Məzahir Ələkbərzadə bildirir ki, "Sədərək” Ticarət Mərkəzində qurulmuş böyük oyunun qurbanına çevriliblər:

"Başımıza gələnlər ailəmiz üçün faciəyə çevrilib. Son çıxış yolunu Sizə müraciət etməkdə gördük! 

2012-ci ildə əvvəldən həmkəndlimiz kimi tanıdığım Hacı Ənvər adlı şəxsə müraciət edərək "Sədərək” bazarında mağaza icarəyə götürdük. Təmirə 20 min manat xərcləyərək xalça satmağa başladıq. Bir il sonra Hacı Ənvərin qohumları mağazanı böyüdəcəklərini dedilər və bizə həmin yerdən başqa mağaza verəcəklərini vəd edərək obyektdən məcburi çıxardılar. Mağaza 5-6 ay ərzində fəaliyyətsiz qaldı. Biz də Hacı Ənvərin qohumu Hafiz müəllimə müraciət edərək, vəd olunan mağazanı təşkil etmələrini xahiş etdik. Bu dəfə bizə 14-cü sıradan mağaza verildi. Təmirə 8 min manat xərclədik. Orada bir ildən az müddətdə işlədik. Bizi mağazadan məcburi çıxardılar. Müharibədə xəsarət almağımı belə nəzərə almadılar. Bu dəfə Amur adlı şəxs bizə yaxınlaşaraq "Sədərək” bazarı rəhbərliyi ilə dost-qardaş münasibətində olduğunu, onunla şərik olsaq, bizə Hacı Rasimlə birlikdə işləməyimiz üçün hər cür şərait yaradacağını bildirdi. Məcbur olub bu təkliflə razılaşdıq. Bazarın 16-cı sırasında pərdə mağazası açdıq”. 

Onların sözlərinə görə, 7 ay sonra Amur və Hacı Rasim bildiriblər ki, mağaza gəlir gətirmədiyindən bağlamaq istəyirlər: "Onlarla məcburi razılaşdıqda mağazanı bağlamaq üçün malları saydığımızda 56 min manat dəyərində maldan 26 minlik hissəsinin olmadığını gördük. Bunu Amura və Hacı Rasimə dedim. Malı aldığım şəxsi tanımadıqlarını deyib, pulu ödəməyəcəklərini dedilər. 26 min manat məbləğində malın dəyərini məcburi olaraq bizə ödətdirdilər. 

Bununla yanaşı, hazırda "Sədərək” bazarının 3-cü sırasında "Ailəm Home” adlı tekstil mağazasında aylıq 3 min manat icarə haqqı ödəməklə fəaliyyət göstəririk. Özlərini Hacı Ənvərin qohumları kimi təqdim edən Etimad, Əliş, Mənsur və Cavanşir adlı şəxslər bizə yaxınlaşaraq qanunsuz olaraq, icarə haqqından əlavə 2 min manat ödəməyimizi tələb edir, əks halda isə mağazanı boşaldacaqlarını bildirirlər. Məcburiyyət qarşısında qaldığımızdan 2 ay 1500 manat ödədik, 3-cü ay isə imtina etdiyimizdən həmin şəxslər tərəfindən hədə-qorxuya məruz qalmaqdayıq. Cavanşir adlı şəxs isə Hacı Ənvər, Hacı Rasim, Hacı Elşadın adından istifadə etməklə 2 aylıq icarə haqqını, yəni 6 min manat məbləğində pulu şəxsən almasına baxmayaraq, qanunsuz olaraq yenidən tələb edir. 

Bununla yanaşı, bazarın şirniyyat bölməsinin 13-cü sırasında şərik olaraq fəaliyyət göstərdiyim Etimad adlı şəxs Yusif müəllim və Səftər müəllimin adından istifadə edərək, 110 min manat dəyərində malımızı mənimsəyib. Mağaza isə boşaldaraq başqa şəxsə icarəyə verib.

Bundan əlavə, mən, Elsevər Ələkbərzadə Hafiz müəllim tərəfindən mağazadan çıxarıldıqdan sonra uzun müddət heç bir fəaliyyətlə məşğul ola bilməmişəm. Anamız ağciyər xərçəngindən əziyyət çəkirdi və onun müalicəsini qarşılamaq bizim üçün ağır olduğundan yenə məcbur qalaraq Hacı Rasimdən mənə mağaza verməsini xahiş etmişəm. Beləliklə, Hacı Rasim tərəfindən şirniyyat bölməsinin 3-cü sırasında işlək olmayan bir yerdə mağazanın ərazisini müəyyənləşdirildi. Mağazanın əsasını qoymaq üçün 22 min manat xərc çəkdim və 6 ay müddətədək mağazanı işlək vəziyyətə saldım. Bundan sonra, Hacı Rasim mağazanı 650 min manata mənə satmağı təklif etdi, əks halda çıxmağımı tələb etdi. Anamın ağır xəstəliyi səbəbindən 3 qardaş nə qədər xahiş etsək də, ona aidiyyəti olmadığını bildirərək qərarından dönmədi. Bizə çəkdiyimiz 22 min manat təmir xərcinin 20 min manatını qaytaracağını vəd etsə də, 15 min manat verdi. Bununla yanaşı, mağazadan malları boşaldarkən Rasimin mallarını şəxsən özüm saydıqda 6 min 600 manat dəyərində malın əskik olduğu qənaətinə gəldim. Bunu Rasimə bildirərək, 6 min 600 manatı mağazanı tərk etmədən yerindəcə ona qaytardım. Bundan bir gün sonra Rasimin işçiləri mağazadan malı özləri saydıqda əskik olmadığını, mənim yanlışlıqla az saydığım müəyyən olundu. Lakin Rasim artıq ödədiyim 6 min 600 manatı mənə qaytarmadı. Beləliklə, həmin mağazada mənə geri qaytarılmayan 7 min manat təmir xərci və 6 min 600 manat artıq ödənilmiş malın dəyəri olmaqla mənə 13 min 600 manat ziyan dəydi. Mağazadan çıxarıldıqda əlimdə olan məbləğ anamın dərmanlarını qarşılamağa çatmadığından bir həftə sonra anamız dünyasını dəyişdi... O anamız ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canı bahasına döyüşmüş 4 qazi və şəhid yoldaşı olan bacımızı yetişdirib! 

Həmin mağazadan çıxarıldıqdan sonra, Rasim məni 6-cı sırada fəaliyyət göstərən mağazaya gətirdi. 239 m2 sahəsi olan mağazanı 145 m2 və 94 m2 olmaqla 2 hissəyə böldükdə 94 m2 bizim istifadəmizə verildi. O, ilk 6 ay icarə ödəmədən fəaliyyət göstərəcəyimizi vəd etsə də, bunun əksinə 145 m2 sahədən istifadə edən şəxsdən aylıq 1500 manat icarə haqqı aldığı halda, bizdən 3 min 616 manat alınır. Bununla yanaşı, qonşu mağazaya sahiblik edən xanım "Sədərək” rəhbərliyindən icarəyə götürdüyü mağazanın bir hissəsini şəxsən icarəyə verib, icarə haqqını özü almasına baxmayaraq, bizim mağazamızın bir hissəsi Hacı Ənvər tərəfindən icarəyə verilir və onun da icarəsi bizim aylıq icarə haqqında əlavə olunur. Bu səbəbdən mən və Elsevər Ələkbərzadə bazar müdiyyəti Vaqif Sarıyevə müraciət etdik. Vaqif Sarıyev isə müraciətimizin cavabı olaraq mənə "deyəsən, maşınınız da yoxdur, gəlin, sizə maşın da təşkil edim, özünüz kimi 5-10 nəfər də yığıb gedib kimə istəyirsiniz şikayət edin. Buranın sahibi mənəm, hara şikayət etsəniz də, sonunda gəldiyiniz yer bura olacaq” deyə cavab verdi. Hazırda da, həmin mağaza 3 aydır ki, malımız içərisində olmaqla bağlıdır. Əvvəlki qaydada mallarla birlikdə əlimizdən almaq istəyirlər.

Biz dəfələrlə Hacı Rasimin yanına gedib şəhid ailəsi, müharibə qazisi olduğumuzu vurğulayaraq işləməyimizə şərait yaratmasını xahiş etsək də, "istəyir qardaşın getsin lap özünü Yusif müəllimin ofisinin qabağında yandırısın” deyərək bizi çıxılmaz vəziyyətə qoyub.  

Biz vətən müharibəsi iştirakçısı, müharibə veteranı olsaq da, bu günədək bizə verilən ad və imtiyazlardan heç vaxt, heç yerdə istifadə etməmişik! 

Qarabağ Müharibəsi iştirakçılarına, şəhid ailələrinə xüsusi şərait yaradılmasına baxmayaraq, bu gün bu şərait Hacı Ənvər və onun qoçuları tərəfindən məhdudlaşdırılır. Azərbaycan Respublikasının vətəndaşları olaraq bizə dəymiş ziyanın ödənilməsi və kiçik sahibkarlıq fəaliyyətimizi davam etdirmək üçün müvafiq şəraitin yaradılması üçün hüquq-mühafizə orqanlarına tapşırıq verməyinizi Sizdən xahiş edirik!”



Xəbər xətti