Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikinti işləri artıq yekunlaşıb.
“Sitat.info” agentliyə istinadən xəbər verir ki, yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib.
Həmçinin müxtəlif süni qurğular, yeni yol yatağı və yol əsası inşa edilib.
Layihə üzrə uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa olunub.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb.
Bir neçə gün öncə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirmişdi ki, Laçın dəhlizinin Ermənistandan keçən hissəsi 2023-cü ilin yazında hazır olacaq.