Trampın evinə 100 nəfərlik basqın - FTB nüvə silahı barədə məxfi materialları axtarıb...

17:10 12 Avqust 2022

ABŞ-ın sabiq prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqodakı malikanəsində geniş axtarış aparılıb. Federal Tədqiqatlar Bürosunun 100 əməkdaşı bir neçə saat ərzində nüvə silahı ilə bağlı məxfi sənədləri axtarıb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Washington Post" nəşri yazıb.

"Nüvə silahına aid məxfi sənədlər FTB agentlərinin sabiq prezidentin iqamətgahında axtardığı əşyaların arasında olub", - materialda belə deyilir.

Nəşrin mənbələri agentlərin hansı növ məlumatı axtardığını və ABŞ-a və ya hər hansı başqa ölkəyə məxsus silaha aid olub-olmamasını dəqiqləşdirməyib. 

Mənbələr həmçinin bu materialların tapılması barədə də məlumat verməyib.

Dəqiq bilinən odur ki, Trampın yaşadığı evdə axtarışlar avqustun 8-də aparılıb. Mümkündür ki, söhbət Amerikanın hazırki prezidenti Co Baydenin hakimiyyətə gəlişindən sonra Trampın Ağ evdən götürə biləcəyi sənədlərdən gedir.

Nəşrlə söhbət edən məxfi məlumat üzrə ekspertlər məlumat verib ki, axtarış Amerika hökumətinin Trampın, guya, qanunsuz saxladığı sənədlərin yad əllərə düşməsindən ciddi narahatlığı ilə bağlıdır.

Bu arada isə "New York Times" nəşri müfəssəl məlumata malik mənbəyə istinadən məlumat verib ki, reyd ABŞ-ın ən məxfiləşdirilmiş proqramlarından biri ilə bağlı sənədlərin aşkar edilməsi məqsədilə aparılıb.

Detalları bilən daha iki nəşr bəyan edib ki, onların fikrinə görə, Mar-a-Laqoda axtarılan sənədlər konfidensial xarakter daşıyır və milli təhlükəsizlik məsələlərinə aiddir. (Moderator.az)



Xəbər xətti