ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən 12 gün sonra ABŞ-dan daha bir yüksək səviyyəli nümayəndə heyəti Tayvana gedib. Tayvan Xarici İşlər Nazirliyi ABŞ-ın Massaçusets ştatından senator Edvard Markinin başçılıq etdiyi 5 nəfərlik nümayəndə heyətinin dünən axşam saatlarında 2 günlük səfər üçün Tayvana gəldiyini açıqlayıb. Ölkədə təmaslarına başlayan nümayəndə heyəti bu gün Tayvan lideri Tsai İnq-ven ilə də görüşüb.
SİTAT.İNFO xəbər verir ki, ABŞ nümayəndə heyətinin Tayvana səfərinə sərt reaksiya verən Çin, Tayvan boğazında təlimləri yenidən başladıb.
Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Əməliyyat Bölgəsi Komandanlığının Tayvan ətrafındakı sularda və hava məkanında birgə döyüş hazırlığı və həqiqi döyüş təliminə başladığı açıqlanıb.
Şərq Əməliyyatlar Bölgəsi Komandanlığından verilən açıqlamada komandanlığın Çinin milli suverenliyinin və Tayvan boğazında sülh və sabitliyin qorunması üçün bütün lazımi tədbirləri görəcəyi vurğulanıb.
Bu səfərin Çinin milli suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirən Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib ki, PLA Tayvanın müstəqilliyini müdafiə edən istənilən separatçı cəhdləri və xarici müdaxiləni dayandırmaq üçün təlim və müharibə hazırlıqlarını davam etdirəcək.
ABŞ nümayəndə heyətinin səfərinə və Tayvan məsələsinə heç bir xarici müdaxiləyə dözməyəcəklərini ifadə edən Qian, "Çinin yenidən birləşməsinin qarşısını almaq üçün edilən hər hansı cəhd uğursuzluğa məhkumdur"-deyə vurğulayıb.