Baş Prokurorluq Rusiya Federasiyasında yaşayan Zeynalov Abil Hacıbaba oğlunun sağ olmasına baxmayaraq ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.
“Sitat.info” prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, məlum olum ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba rayon məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilmiş və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib olunub.
Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədi ilə hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 26 il əvvəl Rusiyaya gedən Quba rayonunun Rustov kəndində anadan olmuş 1955-ci il təvəllüdlü Abil Zeynalov bir neçə gün əvvəl “Qafqazinfo”ya müraciət edərək Azərbaycanda “ölmüş şəxs” kimi qeydiyyata alındığı üçün sənəd ala bilmədiyini və uzun müddətdir ölkəyə qayıda bilmədiyini bildirib.