TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulan beşəmlərin müalicəsinə davam edilir.
Bu barədə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, beşəmlərdən 3-nün vəziyyəti kritik ağırdır. Biri “CPAP”, ikisi süni ventilyasiya aparatındadır. Körpələrdən ikisinin vəziyyəti isə ağır olaraq qalır. Onlar binazal zond vasitəsilə nəmləndirmiş oksigen alır.
Qeyd edək ki, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlmiş, onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülmüşdülər.
Xatırladaq ki, körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. İnstitutda onlara bütün zəruri kliniki, laborator müayinələr aparılıb və buna uyğun olaraq müalicələrinə davam edilir.