Narkomanlar Bakıda yaşayış binalarını da "işğal edir" FOTOLAR

11:02 18 Fevral 2022

Bakıda narkomanlar artıq yaşayış binalarının bloklarını məkan seçiblər. Tez-tez sosial şəbəkələrdə bununla bağlı paylaşımlara rast gəlinir. Xüsusən də sakinlər uşaqlar üçün narahatlıq keçirdiklərini bildirirlər. 

SİTAT.İNFO xəbər verir ki, sonuncu belə paylaşımı gənc alim Elyar İslamoğlu edib. O nəinki gecə, hətta günün günorta çağı narkomanların bloka daxil olduqlarını deyir. Paylaşılan fotolardan da görünür ki, pilləkənlərin üzərində istifadə olunmuş şprislər tullanıb. 

Son vaxtlar sintetik tərkibli ucuz narkotik vasitələrin ölkəmizə də gətirilməsi və sosial şəbəkə üzərindən geniş satışının təşkil olunması, gənclərimizi uçuruma yuvarlayır. Çox təhlükəli və həyəcan doğuran bir vəziyyət yaranıb. Artıq məktəbli yaşlarında belə narkotik aludəçilərinə rast gəlinir. Özəlliklə təkcə kişilər deyil, qadınlar arasında da narkomaniyanın yayılması çox ciddi siqnaldır. 

Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu istiqamətdə əməliyyatlar keçirib, həbslər aparsa da narkomaniya bəlasının kökünü kəsmək çətin görünür. Bu səbəbdən ailələrdə maarifləndirmə işlərinin aparılmasına və yeniyetmələr, gənclər üzərində ciddi valideyn nəzarətinin olmasına ehtiyac var. İstina deyil ki, son vaxtlar artan intihar hallarının kökündə də məhz narkomaniya bəlası dayanır. 

SİTAT.İNFO



Xəbər xətti