Azərbaycanın şimal zonasında bir-birinin ardınca yanğın hadisələri qeydə alınmaqdadır. Artıq 3-cü gündür Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğınlar səngimək bilmir.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğınların söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. Avqustun 16-dan başlayan yanğınlarla mübarizə avqustun 18-də Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə davam etdirilib. Ərazidə baş vermiş yanğın söndürülüb. Hazırda havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla, Çıraqqala qalasından “Qalaaltı” İstirahət Mərkəzinə doğru yuxarıdan aşağı istiqamətdə soyutma işləri aparılır. Səhər saatlarında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş vermiş yanğınlarla bağlı “Qalaaltı” İstirahət Mərkəzində operativ əməliyyat müşavirəsi keçirib. Tədbirdə FHN-in aidiyyəti strukturlarının məsul şəxsləri, Siyəzən və Şabran Rayon İcra hakimiyyətlərinin başçıları, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Bildirilib ki, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i şimal bölgəsinin payına düşür. Müşavirədə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülmüş işlər müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, nazir müavini Etibar Mirzəyev “Qalaaltı” İstirahət Mərkəzində istirahət edən vətəndaşlarla görüşüb. Bildirib ki, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil. Etibar Mirzəyev baş vermiş yanğınların qarşısının alınması ilə bağlı şimal bölgəsindədir. Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-nə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edir. Həmçinin, yanğınsöndürmə əməliyyatlarına “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları da cəlb edilib.
Yerli sakinlər isə “Yeni Müsavat” əməkdaşı ilə söhbətlərində yanğınların qəsdən törədilməsi ehtimalının böyük olduğunu bildiriblər. Şabranın Pirhəsən, Ərəblər kəndlərinin sakinləri deyir ki, küləyin istiqaməti nəzərə alınaraq yol kənarlarında yanğın törədilir.
“Pirhəsən kəndində yol kənarlarında birdən-birə 5-6 yanğın meydana gəldi. Camaat tökülüşüb yanğınları söndürdü. Hava isti və küləklidir. İsti külək alovun tez bir zamanda böyük əraziyə yayılmasına səbəb olur. Qonşu kəndlərdə də belə hadisələr baş verir. Dağbilici kəndində də belə olub, yol kənarlarını yandırıblar. Bunu kim edir, bilmirik” – Pirhəsənli kənd sakinlərindən biri deyib.
Onun sözlərinə görə, yanğınların bir-birindən uzaq məsafədə baş verməsi, kəndlərdə evlərə yaxın ərazilərin od tutub yanması sakinlərdə qəsdən yandırılma ehtimalı formalaşdırıb: “Küləyin istiqamətini tutub evlərin yaxınlığını yandırırlar. Böyürtkən kolluqları, yabanı ağacların sıx olduğu yerləri yandırırlar. Kənddə yanğını törədənləri görənlər olub. Hazırda kəndlərdə çoxlu yanğınsöndürənlər, onlara kömək edən çoxlu mülki şəxslər var. Ona görə də kimin-kim olduğunu ayırd eləmək çətindir. Pirhəsənlidə yanğını törətdiyi ehtimal edilən şəxs kürən olub. Onu görənlər deyir ki, ərazidə dayanıb siqaret çəkib. O gedən kimi yanğın başlayıb, təzə salınmış meyvə bağları od tutub yanıb”.
Yanğınların qəsdən törədilməsi versiyasını dövlət qurumları hələlik təsdiq etməyiblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanğınlarla bağlı məlumat yayaraq hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edib ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində avqustun 20-dək isti hava şəraiti müşahidə olunacaq.
Hazırda yanğınlarla mübarizə davam etdirilir.
/Musavat