İsmayıllı sakini qəsdən yanğın törədib, 3 hektardan artıq ərazi yanıb - VİDEO

12:54 20 Avqust 2022

Qəsdən yanğın törətmə faktının üstü açılıb.

Bu barədə "Sitat.info"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, avqustun 19-da FHN-nin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb.

Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

 

 



Xəbər xətti