“Azərbaycanın zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təmin edilməsini hədəflədik”.
“Sitat.info” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.
Çavuşoğlu qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh əsasən Azərbaycanla Ermənistan arasında imzalanacaq hərtərəfli sülh müqaviləsindən sonra mümkün ola bilər.
“Azərbaycan bu istiqamətdə təkliflə çıxış edib. Uzun müddət Ermənistan buna cavab vermədi. Ən son Azərbaycan və Ermənistan XİN başçılarının Brüssel görüşü zamanı sözügedən istiqamətdə fəaliyyətin qurulmasına dair danışıqlar aparıldı. İki ölkə arasında sərhəd komissiyaları yaradıldı”.
Mövlud Çavuşoğlu Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini xatırladıb: “Bilirsiniz, Zəngəzur dəhlizi məsələsi var. Bunları səsləndirdikdə Ermənistan tərəfi narahat olmağa başlayır. Qardaşım, məsələlər sənin özünün imza atdığın üçtərəfli bəyanatda öz əksini tapıb. Sən bölgədə, həqiqətən, sülh və əməkdaşlıq istəyirsənmi?”.