Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkil etdiyi müntəzəm avtobus marşrutu ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya 10 000-ci sərnişin səfər edib.
“Sitat.info” xəbər verir ki, Gülnar Kamal qızı Orucova bugünkü reyslə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
Əslən şuşalı olan, 5 yaşında ailəsi ilə Şuşanı tərk edən Gülnar Orucova 30 ildən sonra atası Kamal Həsənovla birgə doğma şəhərini ziyarətə gedib.
Gülnarə Orucova qeyd edib ki, ailəsi məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb, buna baxmayaraq onlar Şuşaya bağlı ruhda böyüyüblər. “Şuşa haqqında valideynlərimdən o qədər xatirələr eşitmişəm ki, mənə elə gəlir, bütün ömrümü Şuşada keçirmişəm”, – deyə Gülnar Orucova bildirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev təntənəli yolasalma mərasimində Gülnar Orucovaya “10 000-ci sərnişin sertifikatı” və hədiyyə təqdim edib. Xidmət rəisi bildirib ki, işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci il tarixindən etibarən həyata keçirilən səfərlərə maraq olduqca böyükdür. “Bu günədək müəyyən edilmiş istiqamətlər üzrə 312 reys həyata keçirilib, 13069 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib. Bu gün isə Şuşaya 10000-ci sərnişini yola salırıq”, – deyə Anar Rzayev vurğulayıb.
Qeyd edək ki, müəyyən olunmuş istiqamətlər üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada həyata keçirilir.
/Qafqazinfo