Benzin və dizelin qiyməti bahalaşacaq?

18:06 24 Avqust 2022

Bu gün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının aksiz dərəcəsi artırılıb.

Qərarda qeyd olunub ki, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 26 iyul 2022-ci il tarixli qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə “Aİ-92” markalı avtomobil benzini üzrə aksiz dərəcəsi 42 %-dən 42,5 %-ə, dizel yanacağı üzrə aksiz dərəcəsi isə 18 %-dən 18,3 %-ə çatdırılıb.

Bu qərarın açıqlanmasından sonra sosial şəbəkələrdə Azərbaycanda yanacağın qiymətinin artırılacağına dair geniş müzakirələr başlayıb. Bəzi istifadəçilər yaxın vaxtlarda yanacaqdoldurma məntəqələrində qiymətlərin dəyişəcəyini bildiriblər. Digər istifadəçilər isə Nazirlər Kabinetinin bugünkü qərarının Tarif Şurasının yanacaq qiymətlərini artırmaq üçün əsas verdiyini qeyd ediblər.

Bəs məsələnin əsl məğzi nədən ibarətdir? Aksiz dərəcələrinin artırılması Azərbaycanda yanacağın qiymətinin qalxmasına səbəb olacaqmı? “Qafqazinfo” məsələ ilə bağlı Neft-qaz araşdırmaları mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib.

Ekspert vurğulayıb ki, Nazirlər Kabinetinin bugünkü qərarı yanacağın pərakəndə satış qiymətinin artırılacağına dəlalət etmir: “Azərbaycanda yanacağın satış qiymətinin artırılması birbaşa olaraq Tarif Şurasının səlahiyyətindədir. Çünki daxili bazarda yanacağın satış qiyməti dövlət tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin bu gün verdiyi qərara görə isə yanacaqdan dövlət büdcəsinə gələn gəlirin strukturu dəyişir. Aksiz vergisi dövlətə çatan hissədir. Yəni birbaşa dövlət büdcəsinə gedən vəsaitdir. Dövlət hesab edir ki, hər litr yanacağın satışından əldə olunan gəlirin həcmi onu satan üçün çoxdur və ona görə də dövlətə çatan gəlir hissəsini, yəni aksiz dərəcəsini 0.5% artırır”.

İlham Şaban qeyd edib ki, indiyə qədər Azərbaycanda yanacaqsatan strukturlara nə qədər gəlir payı düşdüyü bilinmir: “Tutaq ki, yanacaq satışından bir manat əldə olunub. Bu məbləğ necə bölünür? Bu bir manatın neçə faizi topdansatış məntəqəsinindir? Neçə faizi pərakəndə satan təşkilatın, dövlət və özəl qurumlarının qazancıdır? Neçə faizi dövlətə verilən vergidir? Axı dövlətə iki növ vergi verilir. Birinci vergi aksiz dərəcəsinə görə verilən, digəri isə qazanılan mənfəətdən əldə olunan vergidir. Normal ölkələrdə bu dediyim faizlər diaqramlar şəkildə müntəzəm olaraq hökumətin parlamentə hesabatı zamanı dərc olunur. Bu, gizlin bir şey deyil. Lakin bizdə belə bir təcrübə yoxdur”.

Ekspert vurğulayıb ki, Nazirlər Kabinetinin bu gün verdiyi qərarla dövlətin yanacaqdan əldə etdiyi qazanc artacaq.



Xəbər xətti