“Qaradağ postunda məlum oldu ki, avtovağzalın sürücüsü içkili imiş”

17:46 26 Avqust 2022

“Qaradağ postunda bizim avtobusu saxladılar, məlum oldu ki, sürücü içkili imiş. Və uzun zamandan sonra Beynəlxalq Avtovağzalımızın sərnişinlərinə göstərdiyi "qayğını" da görmüş oldum”.

“Sitat.info” xəbər verir ki, bu sözləri sərnişin Müşfiq Şükürzadə sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Avtobusla Gəncə rayonuna getmək istəyən şəxs sürücünün içkili olduğunu deyib: “Uzun müddətdən sonra ilk dəfə dostumla rayona maşınla yox, sərnişin daşıyan avtobusla getməyi qərara aldıq. Bakı Beynəlxalq Avtovağzalından saat 07:30 üçün Gəncəyə gedən 10 TG 954 dövlət nömrə nişanlı, Daewoo markalı avtobusa bilet aldıq. Heç şəhəri çıxmamışdıq ki, Qaradağ postunda bizim avtobusu saxladılar və məlum oldu ki, sürücü içkili imiş. Hörmətli Bakı Beynəlxalq Avtovağzalının idarə heyəti, sürücülərinizin rayona çıxmadan əvvəl içkili olub-olmadığını yoxlayın və satdığınız biletlərə sürücülərinizin alkoqol testini (içkili olub olmadığına dair təsdiq) də daxil edin, sizin laqeydliyinizə görə sərnişinlər qəzada ölməli və eyni zamanda başqaları üçün təhlükə yaratmalı deyil”.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Samir Səfərov “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Ötən gün səhər saatlarında Bakı-Gəncə istiqamətində hərəkət edən avtobus Qaradağ postunda saxlanılıb. Sürücünün alkoqol qəbul etməsi ehtimal olunduğundan “Nəqliyyat vasitəsini idarə edən şəxin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əsasən sərxoşluq vəziyyəti müayinə olunub. Müayinənin nəticəsinə əsasən, sürücüdə alkoqol sərxoşluğunun aşkar edilməməsi ilə bağlı akt tərtib olunub”.

Bu kimi hallarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin də mövqeyini öyrəndik. BDYPİ rəsmisi Mübariz Ağayev saytımıza açıqlamasında bildirdi ki, stasionar postlarda mütəmadi olaraq avtobuslarla sərnişin daşıyan sürücülər saxlanılır, onların iş qrafikinə əməl etməsi və sərxoşluq hallarının olub-olmaması yoxlanılır. Lazım olduqda qanunamüvafiq tədbirlər görülür: “Nəqliyyat vasitəsini idarəetmə hüququ olan şəxs tərəfindən onun alkoqoldan, narkotik vaistələrdən və ya digər güclü təsir göstərən vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istifadə olunması ilə bağlı mütəmadi olaraq ictimaiət məlumatlandırılır. Qabaqlayıcı tədbirlər keçirilir. Qeyd edim ki, xüsusilə bu məsələ ümumi istifadə olunan nəqliyyat vaistələri ilə törədildikdə onların sürücülərinə qarşı aidyyəti qurumlarla birlikdə mütəmadi olaraq reydlər keçirilir, postlarda belə sürücülərin aşkarlanması və baş verə biləcək faicələrin qarşısının alınması üçün tədbirlər görülür. 

Onu da bildirim ki, belə hallar aşkarlandıqda İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə uyğun olaraq ölçü götürülür və sürücü barəsində sanksiyalar tətbiq olunur”. 

 

 



Xəbər xətti