Prezidentin “Altın kıran” ordeni ilə təltif olunması türk dünyasında onun liderliyinə verilən ali dəyərdir

12:33 27 Avqust 2022

Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsi ölkəmizin beynəlxalq aləmdəki reytinqini daha da artırdı. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, o cümlədən siyasi proseslərə təsir etmək imkanına malik olan dövlətlərin 30 il ərzində həll edə bilmədikləri və ya həll etmək istəmədikləri problemi Azərbaycan cəmi 44 gün ərzində hərbi yolla aradan qaldırdı. Bu şanlı Qələbə, eyni zamanda, ordumuzun dünyanın ən güclülərindən biri olduğunu təsdiqlədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi tarixi zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma, tikinti – bərpa işlərinin start götürməsindən söhbət açıb və bunun ölkəmizin iqtisadi gücünün göstəricisi olduğunu deyib. Bildirib ki, müharibədən yeni çıxmış ölkə, hətta qələbə qazansa da, dərhal yenidənqurma işlərinə başlamaq gücündə olmur. Ancaq dünya birliyi də şahiddir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə iki ilə yaxın müddətdə xarüqələr yaradır.

Ç.Qənizadə artıq ölkəmizin dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrildiyini diqqətə çatdırıb: “Vətən müharibəsindən sonra dövlət başçımızın xarici ölkələrə səfərləri və mühüm əhəmiyyətli tədbirlərdə iştirakı, həmçinin bir sıra dövlət başçılarının ölkəmizə səfərləri və bu zaman imzalanan sənədlər Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzunun göstəricisidir. Bir neçə gün əvvəl Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə imzalanan sənədlər, Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə - Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi, ən əsası isə Prezident İlham Əliyevin Qazaxıstanın Ali ordeni ilə təltif edilməsi ölkəmizin beynəlxalq aləmdə, o cümlədən Türk dünyasında nüfuz sahibi olmasından xəbər verir. Bütün bunlar, həm də xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir”.

Komitə sədri deyib ki, Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” Ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, dövlət başçımızın Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə , eyni zamanda, dövlət başçımızın türk dünyasında liderliyinə verilən ali dəyərdir. Yeri gəlmişkən, xatırladım ki, ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilmişdi. Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim etmişdi. Hüquq müdafiəçisi Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarı da xatırladıb. Qərarda deyilirdi: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Komitə sədri Ali ordeni təqdim edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi sözləri də xatırladıb: “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirdiyini vurğulayan Ç.Qənizadə dövlət başçımızın türkdilli dövlətlər arasında aparıcı ölkələrdən biri olan Qazaxıstan Respublikasının ali ordeni ilə təltif edilməsini hər bir soydaşımız üçün qürurverici olduğunu deyib. Bildirib ki, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir, ikitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeyi üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, eyni zamanda, strateji tərəfdaş və müttəfiqdirlər: “Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı, beynəlxalq səviyyədə əməkdaşlığımızın yüksələn xətt üzrə inkişafı, nəqliyyat-logistika infrastrukturunun tərəqqisi ilə bağlı böyük planların hazırlanması, iqtisadi-ticari münasibətlərin yüksəlişi dostluğumuzun bariz təzahürüdür. Bütün bunlar ikitərəfli əməkdaşlıqda yeni səhifələr açacaq”.



Xəbər xətti