Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün gündəlikdəki məsələlər - Açıqlandı

15:31 27 Avqust 2022

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, ilk növbədə, ikitərəfli prosesdir. Bunun da irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, burada asanlaşdırıcı tərəflərə ehtiyac var. Hazırda Avropa İttifaqı, həmçinin Rusiya tərəfindən ikitərəfli əsaslarda müəyyən cəhdlər göstərilir və Azərbaycan bunda maraqlıdır".

"Sitat.info" xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, indiki halda gündəlikdə duran əsas məsələlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat məsələləri, həmçinin itkin düşmüş şəxslər və minalar problemləridir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir.

“Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülməsi, Zabux və Sus kəndlərində Azərbaycan Silahlı Qüvvələrinin yerləşməsi və bu ərazilərin ölkəmizin tam nəzarətinə keçməsi bir daha ona dəlalət edir ki, cənab Prezident nəyi nə zaman və necə edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi imkanlardan və ölkəmizin digər resurslarından istifadə edərək xalqımızı bu hədəflərə çatdırır. Dünən cənab Prezident o tvitlə müharibə dövründə yaşadığımız sevinci hər bir Azərbaycan vətəndaşına bir daha yaşatdı”, - deyə Hikmət Hacıyev əlavə edib.

 

 



Xəbər xətti