Tovuz rayon sakinləri və bələdiyyə nümayəndəsi arasında gərginlik yaşanıb.
Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, rayonun İbrahimhacılı kəndinin sakinləri öz vəsaitləri hesabına əkin yerlərini suvarmaq istəsələr də, kəndin su mənbələrini əhatə edən torpaqların qanunsuz yollarla satıldığını iddia ediblər.
Kənd sakinlərinin etirazı nəticəsində bələdiyyə sədri Zeynalov Qələndəri əvəz edən Aynurə Tağıyeva möhürü kənd ərazisinə atıb. Nəticədə kənddə gərginlik yaşanıb və polis işə qarışıb.
Məsələ ilə bağlı açıqlama verən DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, baş verən hadisəyə görə Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi kəndə gəlib:
“İctimai asayiş təmin olunub. Möhür kənd ərazisində atılan yerdən götürülüb, Tovuz Rayon İcra Hakimiyyətinə təhvil verilib. Bələdiyyə nümayəndəsi olan xanım rayon İH-ə dəvət olunub. Vətəndaşlarla profilaktik söhbətlər aparılaraq, onlara müvafiq orqanlara müraciət etmək tövsiyə olunub. Kənddə insident baş verməyib”.
Faktla bağlı araşdırmalar aparılır.