Bərdədə lombard soyulub.
“Sitat.info”nun məlumatına görə, hadisə şəhər ərazisindəki yaşayış binasının birinci mərtəbəsində yerləşən ofisdə baş verib. Naməlum şəxslər lombarda girərək 6800 manat pul götürüblər. Daha sonra isə ofisi yandıraraq çıxıblar. Hadisə zamanı yanğının yaşayış binasına keçmə təhlükəsi yaransa da, qarşısını almaq mümkün olub.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, Bərdə şəhər ərazisindəki beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən lombard mağazasında yanğın hadisəsinin baş verməsi ilə əlaqədar binada yaşayan sakinlər polis əməkdaşları tərəfindən təxliyə edilib, yanğının qarşısı alınıb:
“Həmin obyektin direktoru V.Ağayev yanğından sonra oradan pulunun oğurlanması barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət edib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
/Qafqazinfo