Qusarda bu günlərdə dəm qazından bir ailənin beş üzvünün (ata, ana və onların 3 azyaşlı övladı) həlak olması həmin ailənin daha üç yaxınının ölümünə dolayısı ilə səbəb olmuşdu. Belə ki, Qusarda qazdan boğulub ölən gənc qadının bacısı, Sumqayıtda yaşayan Ələkbərova Fidan Mövsüm qızı faciə xəbərini eşidərək öz həyat yoldaşı və 6 aylıq övladı ilə rayona yola düşərkən Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində qəzaya düşmüşdülər. Onların getdiyi “Mercedes”in idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində Fidan və onun əri, habelə 6 aylıq körpəsi hadisə yerində həlak olmuşdu. Bununla da eyni ailədən ölənlərin sayı 8 olmuşdu.
Bu sarsıdıcı faciədən sonra həmin qəzaya dair DYP kameralarından çəkildiyi təxmin edilən görüntülər yayıldı. Məlum oldu ki, 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu “Mercedes-Benz E320” markalı, 90-TF-497 nömrəli avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən avtomobil yolda yaranmış çuxura, yaxud sürücülərin jaqonu ilə deyildiyi kimi, “qarmoşkaya” düşərək idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək körpüdən aşıb.
Belə “qarmoşkalar” sürətin saatda 110 kilometr müəyyən edildiyi yolda olduqca təhlükəlidir və qaçılmaz qəza riski yaradır. Kadrlardan da göründüyü kimi sürücünün idarəetməni itirməsi məhz avtomobilin yolda yaranmış çökmə nəticəsində baş verir. Hansı ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə tikilmiş bu yolun çox keçmədən necə yararsız vəziyyətə düşməsi çoxdan bəllidir.
Və indi bir ailənin yox olmasına səbəb olmuş həmin dəhşətli faciədən sonra yol işçiləri həmin çuxura asfalt yamamağı qərara alıblar. Hansı ki, bunu faciədən əvvəl etmək lazım idi. Hazırda qəza ilə bağlı araşdırmalar davam etdirilir və belə görünür ki, hadisədə yolun istismarına cavabdeh olanların da birbaşa məsuliyyəti var. Hələ yolu vaxtilə keyfiyyətsiz tikib təhvil verənlər bir yana qalsın... (virtualaz.org)