Nail Kəmərlinin maşınına hücum edən şəxs tutuldu

10:24 31 Avqust 2022

Bloqer Nail Kəmərlinin avtomobilinə hücum olunması barədə məlumat vermişdik.

“Sitat.info”nun məlumatına görə, polis tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi müəyyən edilərək saxlanılıb. Məlum olub ki, həmin şəxs 1997-ci il təvəllüdlü Binəqədi rayon sakini Əli Kazımovdur.

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, araşdırmalar zamanı tutulan şəxsin Nail Kəmərlinin avtomobilindən oğurladığı əmlakları lombarda qoyduğu məlum olub: “Əmlakın zərərçəkmişə qaytarılması təmin olunacaq”.

Qeyd edək ki, bir neçə gün öncə N.Kəmərli sosial şəbəkədə məlumat yayaraq bildirmişdi ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edilib. Maşından fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitofonu sındırılaraq yararsız hala salınıb. N.Kəmərli baş vermiş hadisənin narkomaniya ilə bağlı çəkdiyi videolarla əlaqədar olduğunu və onun fəaliyyətindən narahat olan qüvvələr tərəfindən törədildiyini bildirib.

Qeyd edək ki, Nail Kəmərli bir müddətdir narkomaniya ilə bağlı çəkdiyi videolarla gündəmə gəlib.



Xəbər xətti