Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupu Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib.
SİTAT.İNFO xəbər verir ki, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Cənubi Qafqazda ticarət-iqtisadi, nəqliyyat əlaqələrinin blokadadan çıxarılması məsələləri Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli qrup tərəfindən aparılır. İşçi qrup ritmik işləyir, eyni zamanda, yeri gəlmişkən, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı ötən gün keçirilən görüşlərlə müntəzəm təmaslar olub.
Üç prezidentin 9 noyabr 2020-ci il tarixli qərarı ilə yaradılmış bu üçtərəfli işçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib.
Ümid edirəm ki, onlar yaxın gələcəkdə rəsmiləşdiriləcəklər. Xüsusilə vacib olan odur ki, bu iş təcrid olunmuş şəkildə deyil, daha geniş nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub dəhlizi layihəsi ilə sıx əlaqələndirilməklə həyata keçirilir. - deyə o bildirib.
Lavrovun sözlərinə görə, söhbət həmdə Azərbaycan, İran və Rusiya arasında Rəşt-Astara magistralında kiçik dəmir yolu hissəsinin bərpası ilə bağlı davam edən müzakirələrdən gedib. “Sentyabrda artıq ixtisaslaşmış mütəxəssislərin təmasları planlaşdırılır”, - deyə o əlavə edib.
Öz növbəsində, Abdullahian qeyd edib ki, İran çox imtiyazlı geosiyasi mövqeyə malikdir. "Tranzit marşrutlarının, o cümlədən şaxələndirilmiş Şimal-Cənub xətlərinin gücləndirilməsini biz bu regionun inkişafı, eləcə də ərzaq təhlükəsizliyi üçün mühüm amil kimi qəbul edirik", - o əlavə edib.
Həmçinin İranın xarici işlər naziri ölkənin Rəşt-Astaranın yarımçıq qalan hissəsinin tikintisini başa çatdırmağa hazır olduğunu bildirib.