General Bəkir Orucovun saxlanılma səbəbi... – Ekspert

13:28 2 Sentyabr 2022

Bəkir Orucov hadisə baş verən ərazidə qərargah rəisi vəzifəsində xidmət keçib. Ola bilsin ki, dindirilən şəxslər arasında onun da adı çəkilib. Qərargah rəisi də kimlərinsə tabeliyində olub və göstərişini yerinə yetirib. Məncə, B.Orucovun ifadəsindən sonra da saxlanılanlar olacaq.

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov bu gün Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda deyib.

“Müdafiə Nazirliyinin rəsmisi general-mayor Bəkir Orucovun saxlanılması, doğrusu, mənim üçün də təəccüblü göründü. Çünki Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi kimi elə bir böyük fəaliyyəti olmayıb ki, düşünəsən o, hansısa qanuna zidd, mənimsəmə və başqa hallara görə saxlanılıb. Əgər Bəkir Orucov saxlanılıbsa, demək o, yeni faktlar və adlar çəkəcək. Biz yaxın dönəmdə də yeni şəxslərin saxlanılması haqda məlumatlar eşidə bilərik.

Əslinə qalsa, Baş Prokurorluqda bu məsələnin istintaqını aparan qrupun rəhbəri Qasım Məmmədovu istintaq sirrini açmamaq şərti ilə ictimaiyyət qarşısında hesabat verməməkdə qınayıram. Bunun nəticəsidir ki. biz ehtimallar səsləndiririk, müxtəlif şayiələr yayılır. Ölkəmizdə bir general saxlanılırsa, ilk növbədə bunu rəsmi qurumlardan eşitməli və təfərrüatı da ordan görməliyik. Belə məsələlərdə susmaqla şayiələrə, ehtimallara yol açmaq olmaz”, - ekspert vurğulayıb.

Qeyd edək ki, Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs qismində saxlanıldığı iddia edilir.



Xəbər xətti