Sentyabr-oktyabr aylarında Azərbaycanda avtomobillər bahalaşacaq.
Musavat.com xəbər verir ki, bunu “APA-Economics”ə açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, iyul ayı ilə müqayisədə avqust ayında avtomobil bazarında durğunluq hökm sürür. Satışlar 10-15% civarında azalsa da, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur. O bildirib ki, bu ilin yaz aylarından etibarən yeni avtomobil bazarında krassover və mini krossover modellərinə maraq artıb.
“İkinci əl” avtomobil bazarında isə daha çox hibrid və dizel mühərrikli avtomobilllərə maraq artıb. Bu da “Aİ-95” markalı benzinin bahalaşması ilə bağlıdır: “Vətəndaşlar “Prius”la yanaşı, ABŞ-dan gətirilən 1,5 l həcmli köhnə hibrid və dizel mühərrikli avtomobillərə üstünlük verirlər”.
Ekspert bildirir ki, sentyabr ayından etibarən avtomobil bazarında yenidən satışlarda canlanma yaranacaq. Əsas problem isə komfortlu yeni hibrid avtomobilləri ilə bağlı olacaq. Belə ki, elektron avadanlıq və ehtiyat hissələrində çatışmaqlıq bu avtomobillərin qlobal istehsalının və satışlarının azalmasına səbəb ola bilər. Bu da yerli bazarda komfortlu avtomobil qıtlığı yarada bilər.
Ümumilikdə isə E.Cəfərov hesab edir ki, payız aylarında Azərbaycanda avtomobillər 2% civarından bahalaşa bilər: “Məsələn, hazırda 32 min dollara satılan Yaponiya istehsalı olan yeni avtomobil 33 min dollara təklif ediləcək”.