Loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi müəyyənləşdi: Yenilənib - RƏSMİ AÇIQLAMA (VİDEO)

11:12 3 Sentyabr 2022

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.

10.23

Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı daha bir dövlət qurumu reaksiya verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Mətbuat xidmətindən Sitat.info-ya bildirilib ki, bununla bağlı Dövlət Komitəsi  və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:

"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə  hüquqi qiymət veriləcək".

10:12

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Sitat.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

Sitat.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə  bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

/Manset.az



Xəbər xətti