Xəbər verdiyimiz kimi, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib.
Ermənistan rəsmisinin qanunsuz səfərini Demokrat.az-a şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, bu rus sülhməramlılarının özbaşınalığından irəli gəlir:
“Armen Qriqoryan paraşütlə gəlib Qarabağa düşməyib, onu rus sülhməramlıları buraxıb. Rusiya sülhməramlıları Azərbaycan ərazisində postlarının sayını isə artırıb. Lakin bu məsələdə Azərbaycan Xarici işlər Nazirliyi və Müdafiə Nazirliyi susub. Sabah Paşinyan da gəlsə, digərləri də gəlsə təəccüblənmərəm. Çünki biz məsələləri yarımçıq görürük. Brüsseldəki görüşdən sonra hamımızın başı uğura və müvəffəqiyyətə qarışıb. Başa düşürəm, ancaq 2020-ci ildə biz bunları məğlub etmişdik, indi isə bizə dirsək göstərmək istəyirlər. Faktiki olaraq, Armen Qriqoryanın Azərbaycan ərazisinə gəlib getməsi artıq Azərbaycana söyüşdür. Bilmirəm, bunu kim necə qəbul edir etsin. Dünən Brüsseldə danışırlar, sonra Azərbaycan mövqelərinə atəş açırlar. Bundan başqa, Paşinyan Lavrovla telefon danışığı aparır, daha sonra isə Ararat Mirzoyana telefon zəngi edirlər. Nə əcəb Azərbaycana zəng eləmir, Azərbaycanın müttəfiqi olan Rusiya Federasiyası rəsmiləri? Deməli, onlar heç bir halda marağında deyillər ki, regionda sülh və əmin-amanlıq bərpa olunsun”.
“Hazırda çox gözəl yol tikilib. Bilirsiniz ki, əvvəldən danışılırdı ki, qanuna əsasən Dövlət Sərhəd Xidməti də orada olacaq, Dövlət Gömrük Komitəsi də orada dayanmalıdır. Biz yenə də verdik rusun əlinə, bundan sonra da daşıyacaq. Separatçı da ora gələcək, separatçının atası da. Fransız da, senator da gələcək. Açıq deyirəm ki, bəzi növbətçi çıxış edənlər o qədər eyforiyaya qatılıblar. Biz 2020-ci ildə Laçını ermənilərdən geri almalı idik. Laçını biz hədiyyə vermişdik ki, erməniyə geri almışıq? Laçın Azərbaycan ərazisidir! Xankəndi, Xocalı, Xocavənd də Azərbaycan ərazisidir. Kimsə, rusa və erməniyə söz verib ki, o ərazilər hədiyyə veriləcək? Mən elə bir şey eşitməmişəm, elə məsələdən də uzağam. Bu gün Xarici İşlər Nazirliyinin bir dənə dişsiz bəyanat verib. Bəyanatda bir kəlmə də göstərilmir. Ay Ermənistan, buna görə məsuliyyət daşıyır, guya yeni nəsə deyirlər. Armen Qriqoryanı ora buraxmasaydılar, bu bəyanata, gərginliyə də ehiyac qalmazdı. Rus sülhməramlıları Azərbaycana hörmət etmir. Dünən də baxıram rus sülhməramlıları saytlarında “Naqornaya Qarabağ”, “Mardakert” və s. Dövlət atributumuza, ərazimizə hörmətsizlik edən dövləti niyə gətirib Qarabağda saxlamalıyıq? Rədd olub getməlidirlər!”, - deyə hərbi ekspert sonda fikirlərini yekunlaşdırıb.