Eldar Mahmudovun fəaliyyəti dövründə istər sahibkarlara, istərsə də əhalinin müəyyən bir hissəsinə çox ciddi ziyan dəyib. Xeyli sayda insanların vəsaitlərinə haqsız olaraq həmin idarə tərəfindən qanunsuz, şantaj yollarla külli miqdarda zərər vurulub. Bu gün də, həmin zərərçəkənlərin onun evinin qarşısında aksiya keçirməsi, tələblərini irəli sürməsi qanunidir.
Bu sözləri Axar.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev deyib.
“Hesab edirəm ki, MTN işi ilə bağlı uzun müddətdir araşdırmalar davam edir. Görünür ittiham olunanların əksəriyyəti məsuliyyəti öz üzərindən atır. Həbsdə olanlar çox güman ki, vəsaitləri qaytarmaq istəmirlər və qaytarmayacaqlar da. Çünki onlar artıq bu pulları qaytarmaqdansa, həbsdə qalmağı daha üstün bilirlər. Belə olan halda isə insanlar da məcbur qalıb haqlarını azadlıqda olandan tələb edir. Bu bir növ Eldar Mahmudova vətəndaşlar tərəfindən haqlı təyziqdir. Onlar itirdikləri vəsaitləri geri istəyirlər. Amma inanmıram ki, Mahmudov onlara o pulları geri qaytarsın.
Düşünürəm ki, əgər dövlət tərəfindən bir tədbir görülsə, E.Mahmudov qorxusundan bu vəsaitləri qaytaracaq. Əsas odur Mahmudov hiss etsin ki, bu tələblərlə pulları geri qaytarmasa, onu həbs edəcəklər”, - Ə. Həziquliyev bildirib.