Yeni silahlarımız dünya bazarında - həm keyfiyyətli, həm ucuz...

09:42 8 Sentyabr 2022

Bakıda  keçirilən beynəlxalq müdafiə sərgisində  Azərbaycan yeni silahlarını nümayiş etdirdi; ekspert: “Bu, həm də hərbi sənaye kompleksləri inkişaf etmiş dövlətlərin ölkəmizə marağının artmasını göstərir”

Sentyabrın 6-da Bakıda “ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi açılıb. İki gün davam edən sərgidə 26 ölkədən 200-dən çox şirkət iştirak edir. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. Belarus,  İran,  İsrail,  Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edir. Türkiyə sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Müdafiə sənayesində ən müasir və qabaqcıl texnologiyalardan geniş istifadə edən qardaş ölkə sərgidə 42 şirkətlə təmsil olunub.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendlərində yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunur. Belə bir sərginin Azərbaycanda təşkil edilməsi ölkəmizin beynəlxalq nüfuzu ilə əlaqədardır. Heç bir şübhə yoxdur ki, bu sərgi zamanı ikitərəfli və çoxtərəfli əlaqələr qurulacaq, Azərbaycan silahlarının satılması, diqqəti cəlb edən silah və texnikanın alınması və hətta birgə silah istehsal edilməsinə dair razılıqlara gəlinəcək.

Prezident İlham Əliyev IV “ADEX” və XIII “Securex Caspian” sərgiləri ilə  tanış olub - TURAN

Prezident İlham Əliyev sərgi ilə tanış olub.

Dövlət başçısı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxıb. Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikanın və digər vasitələrin yaradılması, istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxalı/ixracına və xarici bazarlarda satışına cavabdeh olan nazirliyin pavilyonlarında son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Döyüş kəşfiyyat texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik texnikaları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır. Prezident sərgidə təmsil olunan bir sıra ölkələrin pavliyonuna da baxıb. 

Prezident İlham Əliyev IV “ADEX" və XIII “Securex Caspian" sərgiləri ilə  tanış olub

Azərbaycanda istehsal olunan silahlar hər növbəti il daha mükəmməl olur və dünya silah bazarında daha cəlbedici görünür. Azərbaycan silahının alıcıları qismində Cənubi Koreya, İraq, bir sıra Afrika ölkələri var. Bu, onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi məhsullar yüksək standartlara cavab verir, öz növbəsində satılmasından Azərbaycanın büdcəsinə milyonlarla dollar gəlir gəlir. Dünya bazarında həmçinin Azərbaycanın atış silahları və onlar üçün döyüş sursatları böyük məşhurluğa malikdir. Burada “birinci dərəcəli ulduzlar” heç şübhəsiz 14,5 millimetr kalibrə malik snayper tüfəngləridir. Onlar optik kollimator tuşlayıcıları ilə təchiz edilməklə 1500-1600 metr (1,5 kilometrdən çox) məsafədən uğurlu atəş həyata keçirməyə imkan yaradır. Həm zirehli texnika, həm də rəqibdə olan snayperlə mübarizə sistemlərini sıradan çıxarmağa, hava hədəflərini, pulemyot nöqtələrini məhv etməyə qadirdir və s.

Prezident İlham Əliyev 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış  olub | Kaspi.az

Silah bazarında Azərbaycanın zirehli maşınları - “Gürzə”, “Matador”, “Qasırğa”, “Marauder”, “İldırım” illər öncə istehsala buraxılıb və bir sıra ölkələrin ordularında yer alır. Bu zirehli maşınlar həm piyada qüvvələr üçün nəqliyyat, həm komanda məntəqəsi, həm müşahidə avtomobili, həm kəşfiyyat və ya komandir maşınları, həm də rabitə məntəqəsi və s. kimi istifadə oluna bilir.

Azərbaycan - Türkiyə: müdafiə sənayesində birgə əməkdaşlıq - Nazir açıqladı

Müdafiə sənayesi naziri Mədət Quliyev deyib ki, Azərbaycan və Türkiyə müdafiə sənayesi nazirlikləri arasında sıx əlaqə mövcuddur: “Artıq iki ölkənin müdafiə sənayesi qurumları arasında çoxşaxəli yol xəritəsi hazırlanaraq təsdiq olunub. Bu yol xəritəsi ilə də eyni addımlarla irəli getməyi planlaşdırırıq”.

Nazir deyib ki, “İmprotex” şirkəti Azərbaycanda minatəmizləmə üçün yeni texnika hazırlayıb. Qiyməti də digər ölkələrə nisbətən 25 faiz ucuzdur. Onun sözlərinə görə, artıq şirkətin hazırladığı avadanlıqlar Qarabağda sınaqdan keçirilib.

Keçmişdən gələcəyə doğru: Azərbaycan MSN-nin regional liderliyi

Sərgidə Azərbaycan istehsalı olan uzaqdan idarə olunan stabilizə silah sistemi ilk dəfə nümayiş etdirilib. Uzaqdan idarə olunan stabilizə silah sistemi 2021-ci ildə istehsal edilib. Silahın avtomatik hədəfin izlənməsi, avtomatik ballistik hesablama kimi özəllikləri var.

İnnovativ Müdafiə İstehkam Kompleksi də ilk dəfə nümayiş etdirilib. Müdafiə istehkam qurğusu sərhədlərin təhlükəsizliyini innovativ hərbi sənaye məhsulları ilə gücləndirmək və əsgərlərin təhlükəsizliyini təmin etmək üçün azərbaycanlı mühəndislər tərəfindən yaradılıb. Azərbaycanda hazırlanmış “Ovçu” minaatan dronuna gəlincə, aparat müşahidə və hədəfi tuşlama funksiyalarını yerinə yetirə bilir. "Ovçu" yaxın təmas döyüşləri üçün nəzərdə tutulub. Havada 20 dəqiqə qala bilir, 150 metrdən 500 metrədək effektiv döyüş aparmaq imkanı verir. Dron 82 mm-ik 4 ədəd mina daşımaq qabiliyyətinə malikdir. Azərbaycan Müdafiə Sənaye Nazirliyi və Türkiyənin ASELSAN şirkətinin birgə layihəsi əsasında 250 kq çəkisi olan “QFAB-250 LG” HE bombası da nümayiş olunub. 250 kq qəlpəli-fuqaslı aviabomba daha dəqiq nişan almaya malikdir. O, hərbi texnikanı, qurğuları, hərbi sənaye və energetika obyektlərini, nəqliyyat vasitələrini, aerodromdakı təyyarələri, anbarları, körpüləri, canlı qüvvəni və düşmənin digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

Yeniliklər və dünya bazarında yeni silahların yaradılması işində Azərbaycanın Türkiyə, Pakistan və İsrail şirkətləri ilə əlaqələri möhkəmlətməsinin önəmli təsiri olub. Bu əlaqələr bundan sonra da dərinləşdiriləcək.

Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində  düşmənin itkiləri daha çoxdur - AZƏRTAC

 Şair Ramaldanov

Bu barədə hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, hər bir müdafiə sənayesi sərgisi sərgini keçirən ölkənin müdafiə sənayesinin inkişafının bir göstəricisidir. Əgər  dördüncü dəfə Azərbaycanda bu sərgi keçirilirsə, bu, onu göstərir ki, ölkəmizdə hərbi sənaye getdikcə inkişaf edir və hərbi sənayenin inkişafı nəticəsində biz bu cür sərgiləri keçirə bilirik. Bu, həm də hərbi sənaye kompleksləri inkişaf etmiş dövlətlərin Azərbaycana olan marağının da artmasının bir göstəricisi kimi qəbul edilməlidir: “Bu cür sərgilər Azərbaycanın hərbi sənayesinin güclənməsinə, dünyada tanınmasına geniş imkanlar yaradır. Yəni beynəlxalq aləmdə tanınmış hərbi sənaye komplekslərinin Azərbaycana gəlib öz müasir məhsullarını burada nümayiş etdirməsi bu sərgidə iştirak edən şirkətlərin Azərbaycan hərbi sənayesi ilə bilavasitə əməkdaşlıq imkanlarını genişləndirir. Bu da ölkəmizin hərbi sənayesinin bundan sonra daha da inkişaf etməsinə təkan verir. Azərbaycanda hərbi sənayenin inkişafında bu amilin ciddi təsiri var. Xüsusən də qardaş Türkiyənin hərbi sənayesi ilə Azərbaycan hərbi sənayesi arasında çox sıx əməkdaşlıq var. Azərbaycanda hərbi sənayenin bugünkü səviyyəyə gəlib çatmasında həm Türkiyə, həm İsrail, həm Pakistan hərbi sənayesi ilə əməkdaşlıq rol oynayır. Artıq Türkiyənin hərbi sənaye kompleksində istehsal olunan müasir silah və avadanlıq demək olar ki, dünyada çox böyük nüfuz qazanıb. Nəzərə alsaq ki, Azərbaycanın Vətən müharibəsində Türkiyədə istehsal olunan bəzi silahlar, xüsusən də “Bayraktar” PUA-ları bütün dünyada məşhurlaşıb. Bu gün “Bayraktar”ı istehsal eləyən şirkət dünyada ən nüfuzlu silah istehsal eləyən şirkətlər sırasındadır. Azərbaycan hərbi sənayesinin “Bayraktar”ı istehsal eləyən şirkətlə əməkdaşlığının əhəmiyyətinin necə böyük olduğunu bu faktor da nümayiş etdirir. Azərbaycanın və Türkiyənin digər hərbi sənaye məhsulları ilə bağlı projelər davam edir və edəcək. Birgə projelər, əməkdaşlıq dərinləşdikcə hərbi sənayemiz daha da böyüyəcək”.

Ekspert qeyd etdi ki, ADEX 2022 sərgisində nümayiş etdirilən Türkiyə silahlarının gələcəkdə Azərbaycan Ordusunda tətbiqini görəcəyik. Bu silahlar ordumuzun gücünə güc qatacaq. Azərbaycan müasir ordu quruculuğunu davam etdirir. Müasir ordu quruculuğu isə ordunun ən müasir silahlarla silahlandırılmasını tələb edir. Azərbaycan bu tələblərə uyğun işlərini aparır. Müdafiə sənayesi sərgiləri isə seçim imkalarını genişləndirir, hərbi sənayemizin inkişafında öz rolunu oynayır.



Xəbər xətti