“Münaqişə sonrası nizamlanma ilə bağlı Rusiyanın Bakı və İrəvanla əməkdaşlığı, fəallığı və iş rejiminin tempi azalmayıb. Son bir neçə ildə yüksək və ali səviyyədə, diplomatlar və qurumlararası və yeni formalaşdırılan təmaslar mexanizmləri səviyyəsində təmasların intensivliyi bunu bir daha təsdiq edir”.
Sitat.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Moskvanın Bakı və İrəvanla təmaslarının demək olar ki, gündəlik formatda baş verdiyini söyləyib: “O ki qaldı ali səviyyədə görüşlərin mümkünlüyünə, xatırladım ki, bununla bağlı prezident administrasiyası şərh verə bilər”.
Zaxarova bu günlərdə Rusiya XİN-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıda səfərdə olduğunu bildirib. Onun sözlərinə görə, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gedib: “Yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır”.