Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan ordusunun əsasən Kəlbəcər və Laçın rayonları ilə sərhəd boyu törətdiyi təxribatlar nəticəsincdə yaranmış silahlı qarşıdurma səbəbindən Laçın "dəhlizi"nə alternativ olaraq çəkilmiş yeni yolla gediş-gəliş üçün də təhlükə yaranıb.
Sitat.info xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, Xankəndində Rusiya hərbi kontingentinin himayəsinə sığınmış separatçı-terrorçu rejim Qarabağda məskunlaşmış hayklara müraciət edərək "ciddi zərurət olmadan" Xankəndi-Şuşa-Gorus-İrəvan yolu ilə hərəkət etməməyə çağırıb.
Müraciətdə qeyd edilir ki, bəhs edilən "yolun müxtəlif hissələri hərbi əməliyyatların aparıldığı yerlərin yaxınlığında yerləşdiyindən nəqliyyatın hərəkəti üçün təhlükəli ola bilər".
Bir daha vurğulayırıq ki, Azərbaycan dövlətinin öz maliyyəsi hesabına avqustun sonlarında inşa edib istismara təhvil verdiyi yol gediş-gəliş üçün məhz hərbi vəziyyətin gərginləşməsinə şərait yaradan revanşist, separatçı, işğalçı xislətli ermənilərin günahı ucbatından təhlükəli olub. Odur ki, Ermənistanın, yaxud Xankəndindəki separatçı rejimin buna görə dünyaya hay qaldırıb Azərbaycanı "qınaq" obyektinə çevirməyə nə mənəvi, nə hüquqi haqqı var.../Moderator.az