İtaliya mediası Azərbaycan-Ermənistan sərhədindəki təxribatlardan yazdı

14:43 14 Sentyabr 2022

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin “Insideover” analitik-informasiya portalında Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məqalə dərc olunub.

"Sitat.info" AzərTac-a istinadən xəbər verir ki, portalın baş redaktoru Matteo Karnielettonun müəllifi olduğu məqalədə ötən günlərdə dövlət sərhədində gərginliyin yenidən artığı və döyüş toqquşmasının baş verdiyi vurğulanıb.

İşğaldan azad olunan ərazilərimizdə, o cümlədən Füzuli rayonunda müşahidə etdiklərini qələmə alan müəllif Qarabağda yeni yolların çəkildiyini diqqətə çatdıraraq bildirib: “Ərazidə yük maşınları, rayonun infrastrukturunun qurulmasında fəaliyyət göstərən şirkətlərin (“Azərsu” və “Azərenerji”) müasir “off-road” və köhnə sovet avtomobilləri var idi. Biz Füzuliyə çatanda hər şey normal görünürdü, baxmayaraq ki, bir neçə saat əvvəl Azərbaycan ilə Ermənistan arasında gərginlik yenidən alovlanmışdı. On illərdir qarşı-qarşıya qalan iki ordu arasında nə baş verdiyi bizə hələ tam aydın deyildi. Bakı İrəvan tərəfindən hücuma məruz qaldığını bildirir”.

Yazıda Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinad edilərək qeyd olunur ki, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonlarındakı bəzi mövqeləri və dayaq məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Müəllif toqquşmaların bir neçə saat ərzində güclənə biləcəyi və 2020-ci ildəki kimi yeni müharibənin başlaya biləcəyi ilə bağlı narahatlığın olduğunu qeyd edir. Lakin vurğulanıb ki, səhər saatlarında Bakı ilə İrəvan arasında atəşkəs razılaşması elan olunub.

Füzuli ilə bağlı təəssüratlarını bölüşən Matteo Karnieletto bildirir: “Qarabağın qapısı sayılan Füzuli bizi quraq çölləri ilə qarşılayır. Bir vaxtlar burada yamyaşıl üzüm bağları olub, indi isə əraziyə daxil olmaq mümkün deyil. Lakin bir zamanlar meyvə ağaclarına bərkidilən dirəklər hələ də ayaqda duran keşikçilər kimi qalır. Artıq bu ərazilərdə heç nə bitmir: ərazi faktiki olaraq minalarla doludur. Bu, bizim üzləşdiyimiz ilk problemdir. Lakin ərazinin minalardan təmizlənməsi asan məsələ deyil. Çünki burada kvadratkilometrlərlə minalanmış ərazi var”.

Müəllif yazıda, həmçinin vurğulayır: “Yaxınlıqda qəbiristanlığın qalıqları var. Qəbir daşları tamamilə dağıdılıb. Bir vaxtlar qəbir daşları ağ və qara mərmərlərdən idi. İndi isə heç nə yoxdur, yalnız xarabalığa çevrilmiş ərazi qalıb. “Ermənilər bunu üç səbəbdən - mərmərləri pilləkən kimi istifadə etmək, mənəvi dəyərlərimizi təhqir etmək, ölülərin qızıl dişlərini oğurlamaq üçün ediblər”, - deyə azərbaycanlılar bildirirlər. Təəssüf ki, ötən onilliklərdə qeydə alınan ölümlərə son bir neçə saat ərzində həlak olanlar da əlavə olundu. Ümid edirik ki, heç olmasa onlar məzarlarında dinc şəraitdə olacaqlar”, - deyə müəllif vurğulayır.

 



Xəbər xətti