Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Sitat.info xəbər verir ki, Prezident Şavkat Mirziyoyev dövlətimizin başçısını Özbəkistanda salamlamaqdan məmnunluğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin iyunda Özbəkistana dövlət səfərini xatırlayıb. Özbəkistan Prezidenti dövlət səfəri zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini vurğulayıb. Prezident Şavkat Mirziyoyev yüksək səviyyəli qarşılıqlı səfərlərin də davam etdirildiyini, Azərbaycan Milli Məclisi sədrinin bu yaxınlarda Özbəkistana səfərinin, parlamentlərimiz arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Qarşıda duran əsas məsələnin əlaqələrimizin bütün sahələrdə daha da inkişaf etdirilməsi olduğunu vurğulayan Özbəkistan Prezidenti Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin qarşılıqlı təltif olunmasını müsbət hal kimi dəyərləndirib. Prezident Şavkat Mirziyoyev dövlətimizin başçısını Özbəkistanda ən əziz dostu və qardaşı kimi salamladığını bir daha qeyd edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü bildirib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırıb və uğurlu sədrlik münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.
Dövlətimizin başçısı Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə yaxşı nəticələrin əldə olunduğunu bildirib. Səmərqənddə aparılan yenidənqurma işlərini, şəhərin abadlaşdırılmasını, gözəlləşdirilməsini xoş təəssüratla qarşıladığını vurğulayan Azərbaycan Prezidenti qardaş Özbəkistanın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə inkişafının xalqımızda böyük sevinc hissi doğurduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, biz qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.
Özbəkistana dövlət səfərini xoş təəssüratlarla xatırladığını vurğulayan Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib.
Prezident Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirib. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı da mədəniyyət xadimlərimizin qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
14:02
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Sitat.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlıumat yayıb.