"Elçin Sadıqovun həbsdən çıxmasına çox sevindim. Çox arzulayardım ki, Əvəz Zeynallının haqqındakı həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunaydı".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
O, vurğulayıb ki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, onun ev dustağı olması üçün bütün əsaslar var: "Cinayət Prosessual Məcəlləsində daimi iş yerinin və daimi yaşayış yerinin olması, o cümlədən istintaqa təsir etməmək imkanları var. Arzu edərdik ki, onun haqqında da həbs qətimkan tədbiri dəyişdirilsin. İstintaqın obyektiv aparılmasını istəyirik, bu istiqamətdə də daim mövqelərimizi ifadə edirik".
İ.Ağazadə qeyd edib ki, Əvəz Zeynallının azadlığa çıxıb-çıxmayacağı ilə bağlı qəti söz demək mümkün deyil: "Bu barədə hakimiyyət nümayəndələri, prokurorluq və istintaq aparan tərəflər qərar verə bilər. Amma biz ümid edirik ki, onun haqqında da Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəcəklər. Bunu gözləyirik və arzulayırıq".
Partiya sədri vurğuladı ki, əsas istəkləri burada hüququn aliliyi prinspinin qorunmasıdır: "Çox istəyirik ki, cəmiyyətdəki münasibətlər sistemi bu şəkildə tənzimlənsin. Hüququn aliliyi prinsipi qorunsun. Hüququn aliliyi prinsipində də istintaqın obyektiv aparılması ilə yanaşı Cinayət Prosessual Məcəlləsinin tələblərinin doğru-dürüst yerinə yetirilməsi məsələsi aktualdır".
Nigar Abuzər
Sitat.info