Baş Prokurorluq sosial şəbəkələrdə Azərbaycan ordusu ilə bağlı informasiyaların təhlili zamanı Xasməmmədov Taleh Vidadi oğlunun “Facebook”da paylaşdığı rüşvət iddiaları ilə bağlı açıqlama yayıb.
"Sitat.info"ya daxil olan məlumatda bildirib ki, Ermənistanla sərhəddə baş vermiş silahlı təxribatın qarşının alınması zamanı cari ilin 13 sentyabr tarixində şəhid olmuş, əslən İmişli rayonundan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından birinin atasının oğlunun xidmətə qəbul edilməsi üçün 3000 manat pul verməsi barədə paylaşım edilib. . Hərbi Prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Taleh Xasməmmədov qeyd edilən məlumatı sosial şəbəkədə oxuyaraq öz hesabında paylaşdığını, həqiqətdə isə belə adam tanımadığını, əlavə məlumatının olmadığını bildirib.
Eyni zamanda, 2022-ci ilin sentyabrında şəhid olmuş hərbi qulluqçulardan İmişlidə yaşayan və ya qeydiyyatda olan hərbi qulluqçunun olmadığı müəyyən edilib.
Taleh Xasməmmədovun Azərbaycan ordusu ilə bağlı dəqiqləşdirilməmiş informasiyaları yaymasının qanunsuz xarakteri diqqətinə çatdırılaraq, ona qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.
Həmçinin, Hərbi Prokurorluqda şəhid Səbuhi Əhmədovun qardaşı Əhmədov Sənan Fuad oğlunun sosial şəbəkələrdə yayılmış 14-15 sentyabr 2022-ci il tarixli video müraciətləri ilə əlaqədar araşdırma davam etdirilir, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.