Azərbaycan dəyərli və vətənpərvər oğlunu itirdi!

15:39 20 Sentyabr 2022

Xəbər verdiyimiz kimi, israilli ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru Arye Qut vəfat edib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, Azərbaycanın bir sıra ictimai şəxsləri Qutun ölümüylə bağlı başsağlığı verib.

Millət vəkili Fazil Mustafa: “Arye Qut Azərbaycan üçün sevgisini fəda edən bir yəhudi balasıydı. Hər məkanda dövlətimizin və millətimizin effektli təbliğatını aparırdı. Ruhu şad olsun. Unutmayacağıq!”.

Millət vəkili Qənirə Paşayeva: “Dəyərli dostumuz, Azərbaycanla İsrail arasında mənəvi körpülərin sağlam tutulmasında özünəməxsus yeri, rolu olan Arye Qut haqqın rəhmətinə qovuşub. Məkanı cənnət olsun. Səni unutmayacağıq, əziz dost. Qəlbimizdəsən”.

Politoloq Turab Rzayev: “Azərbaycan-İsrail münasibətlərinin inkişafında xüsusi rolu olmuş, tanınmış politoloq, əziz dostumuz Arye Qut vəfat etdi. Allah rəhmət eləsin!”.

Tarixçi Zaur Əliyev: “Arye Gut... Dostum, tələbə yoldaşım Rəşid. Niyə... Allah sənə rəhmət eləsin, Vətənin layiqli oğlu!”

Politoloq Ramiyə Məmmədova: “Həyatımda yer alan ən önəmli və dəyərli insanlardan biri , universitet illərindən bir parta arxasında 4 il birliktə oturduğumuz, hər şeyi birlikdə müzakirə etdiyimiz, bir-birimizə hər zaman dəstək olduğumuz can yoldaşım, dostum, qardaşım Arye Qutu itirdim. Şəkillərə baxdıqca göz yaşımı tuta bilmirəm. Yoldaşıyla danışdım, bu gün səhər haqq dünyasına qovuşub. Acımız böyükdü. Azərbaycan ən dəyərli və vətənpərvər oğlunu itirdi. Başımız sağolsun Azərbaycan!!!”

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Elşad Miraləm: “Arye Qut Azərbaycanın dünyadan, dünyanın Azərbaycandan nə istədiyini bilən azsaylı peşəkarlardan biri idi. O, yaxşı insan, həqiqi vətənpərvər və etibarlı dost olmaq kimi ağır yükləri eyni anda daşımağı bacaran, vətəndən uzaqda öz xalqına xidmət etməyin nümunəsini yaradan dəyərli bir şəxsiyyət kimi yaddaşımızda qalacaq. Allah rəhmət eləsin!”.



Xəbər xətti