Azərbaycanda avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimalları nəzərə alınaraq risk amilləri üzrə əmsallar (sürücünün yaşı, təcrübəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı, bölgə, istismar müddəti) müəyyən olunub.
Sitat.info xəbər verir ki, bu barədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə tətbiq olunacaq yeniliklər” mövzusunda keçirilən təlimdə bildirilib.
Təlimdə “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” barədə media nümayəndələrinə ətraflı məlumat verilib, iştirakçıların mövzu ilə bağlı biliklərinin artırılması üçün təlimçilərin çıxışları, təqdimatlar və sual-cavab sesiyası həyata keçirilib.
Təlimdə vurğulanıb ki, zərərlərin birbaşa tənzimlənməsi qaydaları yol-nəqliyyat hadisəsində zərərçəkənin avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi və zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında ödəmələrin aparılmasını müəyyənləşdirir.
Bu dəyişikliklər sürücülərin məsuliyyətinin artırılmasını və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına geniş imkanlar yaradacaq.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
/Musavat.com