Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılan hər həftəsonu avtobusla sərnişindaşıma xidməti göstərən daşıyıcılar sabit xərclərin mövcudluğu fonunda 650 min manat gəlirdən məhrum olub.
Sitat.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
"Bu günlərin sayı isə 2020-2021-ci illər ərzində ümumilikdə 170 günə yaxındır", - məlumatda qeyd olunub.
"Bu, pandemiyanın ictimai nəqliyyat sektoruna vurduğu və hazırda da “domino effekti” ilə davam edən zərbədir. Pandemiyanın bu sahəyə mənfi təsiri, sərt karantin rejimində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan qadağalar, avtobuslarla daşınan sərnişin dövriyyəsinin kəskin (2 dəfə) aşağı düşməsi ilə xarakterizə edilir. Bununla yanaşı, metro ilə sərnişindaşımaların dayandırılması avtobusların normadan artıq yüklənməsi ilə nəticələnib. Bu da öz növbəsində təmir xərclərinin, reqlamentdən kənar təmirin intensivliyini artıraraq, maliyyə sabitliyinin əldə edilməsini mümkünsüz edib. Sərt karantin dövründə ehtiyat hissələrinin gətirilməsinin mümkün olmaması da təmirlərin reqlamentlərə uyğun aparılmasına ciddi mənfi təsir göstərib", - BNA bəyan edib.
Agentlik dövlətə məxsus "BakuBus" MMC-nin pandemiya dövründə maliyyə vəziyyətinə də aydınlıq gətirib: "Fəaliyyət göstərdiyi 5 il ərzində əməliyyat xərclərini öz gəlirləri hesabına qarşılayan “BakuBus”un qeyd olunan səbəblərdən təkcə 2020-ci il üçün gəlirləri 2 dəfədən artıq azalıb, nəticədə müəssisə kreditor borcları ilə üzləşib. Bu mənfi tendensiya hazırda da davam etməkdədir. Bu da daşıyıcıların eqlamentlərə uyğun təmirləri tam həyata keçirməsini qeyri mümkün edib və təmirə dayanan avtobusların sayının normadan artıq olmasına səbəb olub. Hazırda ötən il dövlətin bu sahəyə növbəti dəstəyi nəticəsində alınan 320 ədəd müasir avtobus istismara hazırlanır və sərnişindaşımalarda əhəmiyyətli paya sahib olan “BakuBus”a verilməklə yaxın günlərdə mərhələli şəkildə daşımalara cəlb olunacaq. Bunun sayəsində də avtobusların sayı tələbata tam uyğunlaşdırılacaq".