ABŞ yaxın günlərdə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendumların keçirilməsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.
Bunu bazar günü NBC telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Böyük yeddilik ölkələrinin liderləri cümə günü verdikləri bəyanatda əlavə gücləndirilmiş sanksiyaların olacağını təsdiqləyiblər. Bunu yaxın günlərdə görəcəksiniz”, - deyə Sallivan bildirib.
O əlavə edib ki, bu, Ukraynanı silah və hərbi texnika ilə təmin etmək səylərini ikiqat artıracaq.
ABŞ prezidentinin köməkçisi Ukraynadakı münaqişədə nüvə silahından istifadənin “fəlakətli” nəticələri barədə Rusiyaya birbaşa xəbərdarlıq edildiyini və buna sərt cavab verəcəyini də qeyd edib.
“Biz açıq şəkildə bəyan etməkdən çəkinmirik ki, Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə fəlakətli nəticələrlə üzləşəcək. ABŞ və müttəfiqləri buna sərt cavab verəcəklər”, - deyə Sallivan bildirib.