Bu il daha 100 təcili tibbi yardım avtomobili alınacaq

11:27 26 Sentyabr 2022

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir.

Agentlikdən SİTAT.İNFO- ya verilən xəbərə görə, görülən əhəmiyyətli işlərdən biri stasionar tibbi xidmət göstərən dövlət tibb müəssisələrində qəbul şöbələri və təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Yenilik çərçivəsində Qəbul şöbələrinin bazasında xəstələrə hərtərəfli xidmət göstərilməsinin mümkün olduğu Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri yaradılır. Avropa ölkələrinin təcili yardım xidmətindəki uğurlu təcrübəsi əsasında yaradılan bu şöbə triaj (təcili yardım xidmətində tibbi müdaxilənin prioritetləşdirilməsi) sisteminin qurulması ilə fərqlənir. Qeyd edək ki, pasiyentlər bu şöbəyə birbaşa müraciət əsasında qəbul olunur və ya Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən çatdırılır. Bu yeniliyin başlıca məqsədi xəstəxanaların stasionar və ambulator şöbələrinin iş yükünü azaltmaq və kadr potensialından səmərəli istifadəni təmin etməkdir.

Agentliyin həyata keçirdiyi digər tədbir isə çağırış qəbul edən təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Belə ki, stansiyaların və bölmələrin gündəlik xəttə çıxan briqadalarının fəaliyyəti çağırışların intensivliyinə uyğun olaraq tənzimlənir. Məlumat üçün bildirək ki, 2022-ci ilin ilk 7 ayı ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri 896 184 təcili və təxirəsalınmaz tibbi yardım çağırışı qəbul edib. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bu xidmətin göstərilməsində 513 briqada iştirak edib.

Bundan başqa, Agentlik tibb müəssisələrini 2020-ci ildə 184, 2021-ci ildə 65 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edib. 2022-ci ildə isə daha 100 avtomobilin alınması nəzərdə tutulur. Qeyd edək ki, avtomobillərdən 15-i perinatal təyinatlıdır və yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün tibbi avadanlıq və küvəz aparatları ilə təchiz olunublar. Hazırda istifadədə olan avtomobillərin tibbi avadanlıqla təchizatının yaxşılaşdırılması istiqamətində də davamlı işlər həyata keçirilir.

İcbari tibbi sığortanın mərhələli tətbiqinə uyğun olaraq, 2020-ci ildən etibarən Agentlik tərəfindən dövlət tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çalışan tibb və qeyri-tibb heyətinin işçilərinin vəzifə maaşlarına 2 dəfə artım əmsalının tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edək ki, bu qəraradək sözügedən artım yalnız təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının tibb və qeyri-tibb heyətinə şamil olunurdu. Eyni zamanda, 2022-ci ilin 1 iyunundan etibarən təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinin və stansiyalarının həkimləri üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub.

Yəni, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 468+468+250=1186 manat.



Xəbər xətti