Azərbaycan Fransadan təzminat tələb edir

20:01 3 Oktyabr 2022

Azərbaycan Fransa hökumətindən təzminat tələb edir.

Axar.az xəbər verir ki, bu barədə rəsmi Bakının oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bir qrup radikal erməninin törətdiyi növbəti vandalizm aktı ilə bağlı Parisə ünvanladığı etiraz notasında öz əksini tapıb.

Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.

Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.

 

 



Xəbər xətti