Məktəbdə şagird döyüldü - DİN hərəkətə keçdi

10:05 4 Oktyabr 2022

Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb.

Sitat.info Report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

O deyib ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir:

"Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi bildirilir.

***

Paytaxtda yerləşən məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

"Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür", - məlumatda qeyd edilib.

***

Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib.

Bu barədə Bakıdakı 112 nömrəli tam orta məktəbdən bildirilib.

Qeyd olunub ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb:

"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".



Xəbər xətti