2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Sitat.info Vətən müharibəsinin 9-cu gününün xronikasını təqdim edir:
- Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
- Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.
- Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 63-cü tank taborunun daha 3 tankı məhv edilib. Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan ordusunun atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikalarının fotoşəkillərini yayıb.
- Aprel döyüşlərində düşmənin 6 tankını məhv etdiyinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin başlanmasından bəri Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.
- Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.
- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 5 oktyabr saat 16:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.
/Bizim.media