Bakıda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Sitat.info"ya verilən məlumata görə, Nəsimi rayonu Füzuli küçəsində yerləşən elektronika malları satılan mağazlardan birindən gecə saatlarında Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dərhal operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər. Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər.
Yanğının baş vermə səbəbləri digər dövlət orqanları tərəfindən araşdırılır.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, yanğın "Baku Electronics" mağazasında qeydə alınıb.