Xəbər verdiyimiz kimi, Praqada yenidən dördtərəfli görüş olub. 5 saatdan çox davam edən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Fransa dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəliblər.
“Qafqazinfo”nun məlumatına görə, görüşün yekununda tərəflər bəyanat qəbul edib və bu sənəddə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı qeyd olunub. Bu xüsusda BMT nizamnaməsi əsas sənəd kimi götürülüb.
Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilib. Ermənistan ölkəmizin suverenliyini tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini də tanımış olub.
Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq gizlətmirdi. Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı.
Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır.
Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il 9 noyabr bəyanatı ilə tənzimlənir, bu hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.
Eyni zamanda, qərara alınıb ki, sərhədlərin delimitasiyası komissiyalarının növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilsin.
Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.